2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya” təsdiqlənmişdi. Prezident İlham Əliyevin 30 dekabr 2022-ci il sərəncamı ilə strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi rəsmiləşib. Maliyyə Nazirliyi sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməsini təmin etməli və hər il fevralın 25-dən gec olmayaraq prezidentə hesabat verməlidir.
Sənəddə qeyd olunur ki, 2022-ci il iyulun 1-nə Azərbaycanın 7 milyard 167,1 milyon ABŞ dolları məbləğində xarici borcu olub.
Maliyyə Nazirliyinin hesabatına görə, 1 yanvar 2022-ci ilə xarici dövlət borcu 8 milyard 135,7 milyon dollar idi.
Xarici borc 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar, 2020-ci ilə 9 milyard 91 milyon dollar, 2021-ci ilə 8 milyard 821,5 milyon dollar göstərilib.