Vahid Rasim oğlu Hacıyev prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı dekabrın 30-da imzalayıb.
Novator.az bildirir ki, Vahid Hacıyev mayın 4-dən prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi idi.
İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısının 19 yanvar 2021-ci il fərmanı ilə yaradılıb.
İlk nümayəndə həmin il yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Kərimov.
2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi olmuş Emin Hüseynov həmin il dekabrın 1-dən Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsidir.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.