Siyasətçi Tofiq Yaqubluya kəsilmiş inzibati həbsdən şikayət verilib. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayətdə Tofiq Yaqublunun həbsinin əsassız olduğu vurğulanır, azadlığa buraxılması istənir.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. Siyasətçi Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanır.
Qızı Nigar Həzinin dekabrın 30-da yaydığı məlumata görə, atası ona zəng edib: “Əhvalı yaxşıdır. Ona dəstək olan hər kəsə təşəkkürlərini çatdırdı. Bu gün vəkil Bəhruz Bayramov ona baş çəkib”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.