Azərbaycanın ilk referendumundan 31 il ötür. 1991-ci il dekabrın 29-da keçirilmiş həmin referendumda dövlət müstəqilliyi aktına münasibət öyrənilib.
Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də qanunverici orqan dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.
Müstəqillik illərində daha 5 referendum keçirilib.
İkinci referendum 1993-ci il avqustun 29-da prezidentə etimadla bağlı olub, Milli Məclisin həmin il iyunun 24-də çıxardığı qərar – Əbülfəz Elçibəyin dövlət başçısı səlahiyyətindən məhrum edilməsi rəsmiləşib.
1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş üçüncü referendumda Azərbaycan Konstitusiyası qəbul edilib.
Sonrakı üç referendum konstitusiyaya dəyişikliklərə yönəlib.
2002-ci il avqustun 24-də keçirilmiş dördüncü referendumun əsas nəticəsi parlament seçkisində proporsional sistemin ləğvi və baş nazirin ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilməsi olub. Həmin vaxta qədər parlament üzvlərinin beşdə biri partiya siyahıları üzrə seçilir, Milli Məclisin sədri isə prezidentdən sonra ikinci ali vəzifəli şəxs sayılırdı.
2009-cu il martın 18-də keçirilmiş beşinci referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Bu yeniliyə qədər eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident seçilə bilməzdi.
2016-cı il sentyabrın 26-da keçirilmiş altıncı referendumda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb, dövlət başçısı növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ alıb, vitse-prezidentlik institutu yaradılıb, birinci vitse-prezident ölkənin ikinci ali vəzifəli şəxsi statusuna yiyələnib.
Azərbaycanın müstəqilliyə gedən yoluna da bir referendum düşüb. 1991-ci il martın 7-si parlamentdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) saxlanması məsələsi üzrə referendumun Azərbaycanda da keçirilməsi qərarı qəbul edilib. Həmin gün 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb.
Onların 20-si sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, İsa Qəmbər, Mətləb Mütəllimov, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirin, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Maşallah Abdullayev, Məmməd Xələfov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu dünyasını dəyişib.