Futbol kralı Pele dekabrın 29-da vəfat edib.
Novator.az bildirir ki, 1940-cı il oktyabrın 23-də doğulan Pele (Edson Arantes du Nasimento) 1956-1974-cü illərdə Braziliyanın “Santos”, 1975-1977-ci illərdə ABŞ-ın “Kosmos” klubunda oynayıb.
“Santos”un heyətində milli və beynəlxalq turnirlərin qalibidir.
1957-1971-ci illərdə Braziliya milli komandasının formasını geyinmiş Pele üçqat dünya çempionudur (1958, 1962, 1970).
1995-1998-ci illərdə Braziliyanın idman naziri olub.
Beynəlxalq Olimpiya Komitəsi Peleni 20-ci əsrin idmançısı, FİFA ən yaxşı futbolçusu elan edib.
Pele onkoloji xəstəlikdən əziyyət çəkirdi. Noyabrın 29-dan xəstəxanada yatan futbol kralına ürək və böyrək çatışmazlığı diaqnozları qoyulmuşdu.
Üç dəfə (1966, 1994, 2016) ailə qurmuş Pelenin ilk nikahdan üç, ikinci nikahdan iki övladı var.