İsraildə Benyamin Netanyahunun baş nazirliyi ilə qurulan yeni hökumət dekabrın 29-u parlamentdən mandat alaraq fəaliyyətə başlayıb. Novator.az-ın məlumatına görə, hökumətə 63 deputat etimad göstərib.
Noyabrın 1-də keçirilmiş parlament seçkisində Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası 120 nəfərlik qanunverici orqana 32 mandat əldə edib. Hökumət qurmaq üçün azı 61 mandat gərək olduğu üçün koalisiyaya gedilib, Likuda parlamentdə təmsil olunan 5 siyasi qüvvə də dəstək verib. Koalisiyanın 64 mandatı var.
1949-cu il təvəllüdlü Benyamin Netanyahu 1996-1999 və 2009-2021-ci illərdə hökumət başçısı olub.
Dekabrın 29-da Benyamin Netanyahuya təbrik məktubu göndərən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İsraillə münasibətlərə xüsusi əhəmiyyət verir: “Ötən otuz ildə qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür”.