Almaniyanın məşhur virusoloqu Kristian Drosten ölkədə COVİD-19 pandemiyasının başa çatdığını bəyan edib.
Novator.az saytı “Doyçe Velle” (“Deutsche Welle”) kanalına istinadla xəbər verir ki, Berlindəki Şarite xəstəxanasının virusologiya şöbəsinin müdiri Kristian Drosten artıq Almaniyada koronavirusun endemik xəstəliyə çevrildiyini bildirib.
Onun sözlərinə görə, hazırda, qış girəndən Almaniyada koronavirusun ilk endemik dalğası yaşanır: “Bizim ölkəmizdə pandemiya sona çatıb. Bu qış əhali Sars-CoV-2 virusuna qarşı daha güclü müqavimət qazanacaq, nəticədə yayda virusun yayılma imkanı olduqca aşağı düşəcək”.
Kristian Drosten pandemiyanın bitməsini ilk növbədə Almaniyada və Avropanın digər ölkələrində aparılan vaksinasiya kampaniyasının uğuru ilə əlaqələndirib.
Virusoloq pandemiyanın bitməsi hökmünü bütün ölkələrə aid etmədiyini, məsələn, hazırda infeksiyanın sürətlə yayıldığı Çində vəziyyətin tam fərqli olduğunu da diqqətə çatdırıb.
Drosten Almaniyada pandemiyanın yenilməsində qabaqlayıcı-qoruyucu tədbirlərin rolunu da xüsusi qeyd edib.
“Doyçe Velle” xəbər verir ki, Drostenin açıqlaması ölkədə ciddi əks-səda doğurub.
Almaniyanın ədliyyə naziri Marko Buşman nüfuzlu virusoloqun bəyanatına dərhal reaksiya verib.
Drostenin təkcə çox bilikli yox, həm də çox ehtiyatlı bir alim olduğunu xatırladan nazir belə bir mütəxəssisin qənaətini şübhə altına almamağa, ölkədə koronavirusla əlaqədar tətbiq edilmiş olan-qalan məhdudlaşdırıcı tədbirləri də ləğv etməyə çağırıb.
Almaniyada koronavirus infeksiyası ilə bağlı məhdudlaşırıcı tədbirlərin əksəriyyəti artıq ləğv olunub. Bununla belə ictimai nəqliyyatda və səhiyyə ocaqlarında maska taxmaq öhdəliyi qalmaqdadır. Bəzi xəstəxanalarda COVİD testindən keçmək məcburiyyəti, o cümlədən xəstələri ziyarət məhdudiyyətləri də qalır.
Almaniyanın COVİD-19 infeksiyası ilə mübarizə üzrə ekspertlər şurasının üzvü Kristian Karagiannidis mediaya açıqlamasında pandemiyanın başa çatması qənaətini hələ tam bölüşmədiyini söyləyib.
Onun fikrincə, Almaniyada pandemiya indiki qış mövsümündən sonra bitəcək: “Bu qış hələ bir-iki kiçik COVİD dalğası baş qaldıra bilər. Amma Almaniyada əhalinin koronavirusa qarşı immuniteti çox güclüdür və reanimasiya şöbələrində koronaviruslu xəstələrin sayının xeyli azalması da vəziyyətin qənaətbəxş olduğunu göstərir”.
Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb və sürətlə dünyanı bürüyüb. 2020-ci ilin mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı rəsmən pandemiyanın başlandığını elan edib.
2022-ci il dekabrın 29-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 692 mindən çox adamın ölümünə gətirib.
Ölümlərin sayına görə Almaniya dünyada onuncu sırada gəlir. İndiyədək bu ölkədə 161 mindən çox adam koronavirusun qurbanı olub.
Mənbə: Dw.com