AXCP sədri Əli Kərimli məhbus fəal Bəxtiyar Hacıyevi aclıq aksiyasını dayandırmağa səsləyib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Bəxtiyar Hacıyev həbsdən buraxılana qədər onun azad edilməsi tələb olunacaq: “Ancaq yaxşı olar ki, Bəxtiyar bəy də canına qıymasın, səhhətində ciddi problemlər yaradan aclığı dayandırsın… Bəxtiyar Hacıyev qanunsuz həbsinə aclıqla etiraz edir. Azərbaycan hakimiyyəti beynəlxalq çağırışlara, xalqımızın çağırışlarına qulağını tıxayıb. Rejimin antixalq mahiyyəti o qədər aydın görünür ki. Təkcə gözlərini yummasan, həqiqətləri çılpaqlığı ilə görəcəksən. Ancaq həqiqətləri görmək azdır. İndi həm də zülmə, haqsızlığa hər gün etiraz etmək, Bəxtiyar bəyə və digər siyasi məhbuslara israrla azadlıq tələb etmək lazımdır”.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Həmin gündən fəal Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir. Vəkilləri aksiya müddətində məhbusun 6 kiloqram çəki itirdiyini, səhhətinin pisləşdiyini bildirir.
Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətlər təmin olunmayıb.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar