Siyasətçi Tofiq Yaqubluya kəsilmiş inzibati həbsdən apellyasiya şikayəti hazırlanır. Dekabrın 26-da Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, Tofiq Yaqublu heç bir xəta törətməyib, onun həbsi əsassızdır: “Bakı Apellyasiya Məhkəməsinə müraciətdə Tofiq Yaqublunun azadlığa buraxılması istənəcək”.
Tofiq Yaqublu Bakıdakı 23 dekabr aksiyasında tutulub. Həmin gün Səbail Rayon Məhkəməsi Tofiq Yaqublunu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək ona 30 sutka inzibati həbs cəzası kəsib.
Siyasətçi Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanır.
Bir qrup hüquq müdafiəçisi və ictimai-siyasi fəal dekabrın 23-də Bakının Fəvvarələr meydanında məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbli aksiyaya cəhd göstərib. Xeyli şəxs tutularaq bir müddət polis məntəqələrində saxlanıb, yalnız Tofiq Yaqublu inzibati həbslə cəzalandırılıb.
Siyasətçiyə 30 sutka inzibati həbs cəzası verilməsini pisləyən AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır: “Kaş Tofiq Yaqublunun orqanizmi də iradəsi kimi dəmir olaydı. Ancaq təəssüf ki, elə deyil. Tofiq bəyin səhhətində ciddi problemlər var. Son illər iki dəfə cərrahiyyə əməliyyatı keçirib. Polislər qolunu dəfələrlə və qəddarlıqla burduğundan qolunda ciddi xəsarət yaranıb. Qolu tam açılmır. Ancaq Tofiq bəy heç vaxt səhhətindəki problemlərindən danışmır. Bütün etiraz aksiyalarında öndə olmağa çalışır. Ölkəmizdə azadlıq və ədalətin bərqərar olması üçün Tofiq bəy hər cür fədakarlığı edir, azadlığını, həyatını riskə atır.
İlham Əliyev bilməlidir ki, Tofiq bəyin həyatına görə şəxsən məsuliyyət daşıyır. Xalqımız da Tofiq Yaqublu kimi fədakar övladını daha qətiyyətlə sahib çıxmalıdır”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.