İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanın və yaxın ölkələrin milli statistika qurumlarının hesabatlarına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır: “2022-ci ilin yanvar-oktyabr aylarında Qırğızıstanda muzdlu işçilərin orta aylıq əməkhaqqı 13,7 faizlik inflyasiya müqabilində 27,9 faiz, Özbəkistanda 11,3 faiz inflyasiyaya qarşı 25,4 faiz, Qazaxıstanda 13,9 faiz inflyasiyaya qarşı 22,8, Tacikistanda 7,1 faiz inflyasiyaya qarşı 18,2 faiz, Azərbaycanda 13,7 faiz inflyasiyaya qarşı 14,4 faiz, Ermənistanda 8,7 faiz inflyasiyaya qarşı 14 faiz, Belarusda 15,7 faiz inflyasiyaya qarşı 13,2 faiz, Rusiyada 14,1 faiz inflyasiyaya qarşı 12,6 faiz, Moldovada 28,3 faiz inflyasiyaya qarşı 14,6 faiz artıb.
Belarus, Rusiya və Moldova istisna olmaqla qalan ölkələrdə maaşın orta aylıq artım tempi inflyasiyanı üstələyib. Azərbaycanda bu iki göstərici arasında müsbət fərq böyük deyil. Odur ki, 2023-cü il yanvarın 1-dən əməkhaqqı artımlarına ehtiyac yaranır. Belə artımları 2022-ci ilin büdcəsində yaranmış artıqlıq hesabına təmin etmək mümkündür”.
2022-ci ilin dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc nəzərdə tutulub. Rəsmi hesabata görə, yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat daxil olub, büdcədən 25 milyard 975,5 milyon manat xərclənib, 3 milyard 2,6 milyon manat artıqlıq yaranıb.
Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdır.
Dövlət Statistika Komitəsi 2022-ci il noyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 827,9 manat göstərib (neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat, dövlət müəssisələrində 780,7 manat, özəl müəssisələrdə 880,9 manat).