Bakıdakı 23 dekabr aksiyasında tutulan siyasətçi Tofiq Yaqublu həmin gün məhkəmə qarşısına çıxarılıb. “Turan”ın məlumatına görə, Səbail Rayon Məhkəməsi Tofiq Yaqublunu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək ona 30 sutka inzibati həbs cəzası kəsib.
Bir qrup hüquq müdafiəçisi və ictimai-siyasi fəal dekabrın 23-də Bakının Fəvvarələr meydanında etiraz aksiyasına cəhd göstərib. Polis əməkdaşları ərazini nəzarətə alıb, xeyli şəxs tutulub. Məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbli aksiya Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsüdür. Bakı Şəhər İcra Hakimiyyəti piket kimi nəzərdə tutulan aksiyaya razılıq verməyib.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.