Avqustun 29-da Səbail Rayon Məhkəməsi Böyük Britaniyada yaşayan hüquqşünas Qurban Məmmədovun “Turan” informasiya agentliyi, Qafqazinfo.az saytı, ATV, ARB, “Real” televiziyalarına qarşı mülki iddiasını təmin etməmişdi. Hüquqşünas Xalid Ağalıyev yazır ki, Bakı Apellyasiya Məhkəməsi dekabrın 19-da Qurban Məmmədovun həmin qərardan şikayətinə baxıb: “2020-ci ildə bir çox media quruluşu Qurban Məmmədovun hökumətdə yüksək post tutan şəxslərlə sıx əlaqələri barədə iddialar yayıb. Qeyd olunub ki, Qurban Məmmədov həmin əlaqələr hesabına müxtəlif mülklər əldə edib. Qurban Məmmədov xəbərlərin onun nüfuzunu ləkələdiyini iddia edib, Səbail Rayon Məhkəməsinə üz tutaraq “Turan” informasiya agentliyi, Qafqazinfo.az saytı, ATV, ARB, “Real” televiziyalarının təkzib verməsini və ondan üzr istəməsini istəyib, ancaq məhkəmə həmin tələbləri geri çevirib.
Qurban Məmmədov qərardan apellyasiya şikayəti verib. Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi aşağı məhkəmənin qərarını əsaslı hesab edib. Apellyasiya instansiyasının qərarında qeyd olunub ki, şəxsin şərəf və ləyaqəti yalnız hansısa mənfi xarakterli məlumatlarla və ya hər hansı cinayət, digər hüquq pozuntusu, qeyri-etik hərəkətlərlə ləkələnə bilər: “Hansısa mülkiyyət hüququnun şəxsə aid olması, şəxsin hansısa məmurla yaxın münasibətdə olması barədə kütləvi informasiya vasitələrində verilmiş məlumatlar şərəf və ləyaqətin alçaldılması məlumatı kimi qiymətləndirilə bilməz. İddiaçı haqqında yayılmış məlumatlarda hər hansı qeyri-etik məlumatlar verilməyib, yalnız məlumat xarakterli fikirlər səsləndirilib. Həmin məlumatların şərəf və ləyaqətin ləkələndiyi məlumatlar olması barədə mövqe iddiaçının subyektiv fikri kimi qiymətləndirilməlidir”.
Novator.az bildirir ki, 1959-cü il təvəllüdlü Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Xalq hərəkatının (1988-1991) öncül şəxslərindəndir, vəkillik fəaliyyəti ilə tanınıb. 1998-2003 və 2013-2014-cü illərdə həbsdə yatıb.
Bir neçə ildir Böyük Britaniyada yaşayan Qurban Məmmədov Londonda fəaliyyət göstərən “AzerFreedom” internet televiziyasının qurucusudur.