Bakı Apellyasiya Məhkəməsi dekabrın 23-də məhbus fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması barədə qərardan şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb.
Novator.az bildirir ki, Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə dekabrın 20-də Xətai Rayon Məhkəməsi yox cavabı verib. Apellyasiya instansiyasına müraciətdə həmin qərarın ləğvi istənirdi.
Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Həmin gündən fəal Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir.
Avropa İnsan Hüquqları Məhkəməsi vəkillərin müraciətini nəzərə alaraq Bəxtiyar Hacıyevin işi üzrə aralıq qərar qəbul edib, dövlətə fəalın həbsdə saxlanma şəraiti, təhlükəsizliyi, aclıq aksiyası fonunda səhhəti ilə bağlı suallar ünvanlayıb, tez bir zamanda cavab tələb edib.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi