AXCP sədri Əli Kərimli hakimiyyətə səslənərək ictimai fəal Bəxtiyar Hacıyevi həbsdən buraxmağa çağırıb: “Bəxtiyar Hacıyev qanunsuz həbs edilib. Aclıq aksiyası keçirir, səhhətində ciddi problemlər yaranıb, müvazinətini çətinliklə saxlayır.
Azərbaycan cəmiyyəti bu həbsi pisləyir, Bəxtiyar bəyə azadlıq tələb edir. ABŞ başda olmaqla beynəlxalq birlik də Bəxtiyar bəyi dərhal azad etməyə çağırır.
Bəxtiyar bəyin şərləndiyi əməllər də böyük ictimai təhlükə törətmir. Bu cinayəti həqiqətən törədən şəxslərə bir qayda olaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilir. Bəxtiyar Hacıyev isə heç bir cinayət törətməyib, şərlənib.
Beynəlxalq ictimaiyyətin mövqeyi də göz önündədir. Bəxtiyar bəyi həbsdə çox saxlamaq onsuz da mümkün olmayacaq. Bu səhv qərarın – zərərin yarısından dönmək daha düzgün olmazmı? Bu həbsin Azərbaycan üçün neqativ nəticələr doğuracağı göz önündədir”.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Həmin gündən fəal Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi