Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 21-də ABŞ-a səfər edərək paytaxt Vaşinqtonda həmkarı Cozef Baydenlə danışıqlar aparıb, sonra Konqresdə, Nümayəndələr Palatası və Senatın birgə toplantısında nitq söyləyib. Novator.az-ın məlumatına görə, prezident Rusiyanın total hərbi təcavüzünə məruz qalan Ukraynanın sınmadığını, mübarizəni davam etdirdiyini vurğulayıb: “Rusiya tiranlığı Ukraynaya nəzarəti itirib və daha heç vaxt xalqımızın düşüncəsinə təsir göstərə bilməz. Gələn il həlledici il olacaq, Ukraynanın igidliyi və amerikalıların qətiyyəti öz dəyərləri uğrunda savaşanların qələbəsini təmin edəcək”.
Dövlət başçısı deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə yalnız ərazi əldə etmək, Avropanın hansısa hissəsini tutmaq, ukraynalıların və başqa xalqların azadlığına, təhlükəsizliyinə qəsd deyil: “Bu savaş övladlarımızın, nəvələrimizin necə bir dünyada yaşayacağı, ukraynalılar, amerikalılar, hamı üçün demokratiyanın olub-olmayacağı məsələsidir”.
Vladimir Zelenski ABŞ-ı və başqa demokratik ölkələri Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb.
ABŞ səfəri Ukrayna prezidentinin 2022-ci il fevralın 24-dən bəri ilk xarici ziyarətidir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 5-də tam qüvvəyə minib.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
1978-ci il təvəllüdlü Vladimir Zelenski 2019-cu ildə prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılaraq ikinci turda qalib gəlib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.