Dekabrın 22-də Rusiya prezidenti Vladimir Putin fərman imzalayaraq Ruben Vardanyanı ölkə vətəndaşlığından çıxarıb. Novator.az bildirir ki, qərar Ruben Vardanyanın müraciəti əsasında qəbul olunub.
1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, işğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayıb.
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan noyabrın 4-də Ruben Vardanyanı “dövlət naziri” təyin edib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır.
Noyabrın 17-si Bakıda Avropa İttifaqı rəsmiləri ilə görüşən prezident İlham Əliyev Azərbaycanın Qarabağ erməniləri ilə onların hüquqları və təhlükəsizliyi barədə söhbətə hazır olduğunu vurğulayıb: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda proses daha dinamik gedə bilərdi”.
1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
İşğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan rəhbərliyə 2020-ci il mayın 21-də gəlib.