Dekabrın 22-si Tbilisi Şəhər Məhkəməsində sabiq prezident, məhbus Mixail Saakaşvilinin cəzasının təxirə salınması, səhhətinə görə azadlığa buraxılması barədə vəsatətə baxış start götürüb. Mixail Saakaşvili prosesə xəstəxanadan video vasitəsilə qoşulub.
Novator.az-ın məlumatına görə, proses zamanı Mixail Saakaşvilinin səhhəti pisləşib, həkimlərin müdaxiləsi lazım gəlib.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin olunub.
1967-ci ildə doğulan Mixail Saakaşvili Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, həmçinin Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb.
Gürcüstan parlamentinin deputatı, ədliyyə naziri, paytaxt Tbilisinin meri olub. 2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub.
Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.
Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.
Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub.
Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.
Gürcüstan hökuməti, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası və ölkə prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasına qarşı çıxırlar.