Dekabrın 22-də dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyinin təsis edilməsinə fərman verib. Həmin gün imzalanan sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib.
Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində prezidenti təmsil edən vəzifəli şəxsdir və dövlət başçısının müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməlidir.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Bölgədə qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti həyata keçirir.
Bölgədə ali vəzifəli şəxs sayılan Məclis sədri həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində bir çox səlahiyyəti həyata keçirir.
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 1960-cı il təvəllüdlü Vasif Talıbov 1995-ci ildən Ali Məclis sədri idi.
Novator.az bildirir ki, dekabrın 22-də təsdiqlənən əsasnaməyə görə, Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik ərazidə Prezident Administrasiyasının struktur bölməsidir.
Naxçıvan şəhərində yerləşəcək nümayəndəliyin fəaliyyət istiqamətləri əsasnamədə belə sıralanır: ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək; ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək; ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar prezidentə mütəmadi hesabatlar təqdim etmək; prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Səlahiyyətli nümayəndənin iki müavini olacaq. Onların təyinatı prezidentin səlahiyyətindədir. Nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşları sayılır.
İlham Əliyev dekabrın 22-də Fuad Nəcəflini qəbul edib və ona tapşırıqlar verib.