Dekabrın 22-də sərəncam imzalayan prezident İlham Əliyev Zaur İntiqam oğlu Fətizadəni Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edib.
Maliyyə Monitorinqi Xidməti 2018-ci ildə yaradılıb, nizamnaməsinə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən publik hüquqi şəxsdir.
Xidmətə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyəti sədrdən və onun iki müavinindən ibarətdir. Sədri və onun müavinlərini prezident iqtisadiyyat nazirinin təqdimatı ilə təyin edir.
Maliyyə Monitorinqi Xidməti 30 may 2019-cu ildə Vergilər Nazirliyinin tərkibinə verilib. Həmin il oktyabrın 23-də isə Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, hazırda Dövlət Vergi Xidməti adlanır.