Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun Suraxanı Rayon Məhkəməsinin qərarından şikayətinə 2023-cü il yanvarın 10-da baxacaq. Dekabrın 20-də keçirilən hazırlıq iclasında belə qərar verilib.
Novator.az bildirir ki, noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətini təmin etməyib. Qərar Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndələrinin mülahizələri əsasında çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə həmin qərarın ləğvi istənir.
Tofiq Yaqublu ata yurdu Gürcüstana səfər etməyə çalışır. Oktyabrın 30-da onun atası Bakıda vəfat edib, noyabrın 1-i Gürcüstanda dəfn olunub. Şərti məhkumluq çəkdiyi üçün Tofiq Yaqublu dəfnə gedə bilməyib, atasının məzarını ziyarət imkanından da məhrumdur.
2021-ci il iyulun 11-də anası vəfat edəndə ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqublu 2022-ci ilin iyun ayında üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək anasının ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəyib, ancaq yenə yox cavabı alıb.
Dekabrın 22-də Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, Ali Məhkəmə onun azadlıqdan şərti məhrumetmə cəzası üzrə şikayətinə özünün və vəkilinin iştirakı olmadan baxıb: “Proses noyabrın 1-nə təyin olunmuşdu. Oktyabrın 30-da atam vəfat etdi. Bunu, həmçinin vəkilim Elçin Sadıqovun qrafikində sıxlığı nəzərə alaraq məhkəmədən prosesi başqa vaxta keçirməyi xahiş etmişdik. Amma Ali Məhkəmə elə noyabrın 1-dəcə proses keçirib, şikayətim təmin olunmayıb, bəraət istəyimə yox deyilib. İndi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlanır”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu 2020-ci il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etməyərək bildirib ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin siyasətçiyə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun iclas keçirib, 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu şərti cəzanı da qanunsuz sayıb, bəraət tələb edib.
1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.