Anar Qabil oğlu Kərimov mədəniyyət naziri vəzifəsindən çıxarılıb. Prezident İlham Əliyev sərəncamı dekabrın 22-də imzalayıb.
Başqa sərəncamlarla Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək mədəniyyət nazirinin birinci müavini postuna təyinat alıb, ona nazir vəzifəsinin müvəqqəti icrası tapşırılıb.
Novator.az bildirir ki, Anar Kərimov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetində şərqşünas ixtisası üzrə bakalavr dərəcəsi, Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb.
Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində, Azərbaycanın Belçikadakı səfirliyində və Avropa İttifaqındakı nümayəndəliyində, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili, YUNESKO yanında daimi nümayəndə olub.
2020-ci il iyulun 20-də mədəniyyət nazirinin birinci müavini postuna gətirilən Anar Kərimov həmin gündən nazirin səlahiyyətlərini icra etmiş, 2021-ci il yanvarın 5-də mədəniyyət naziri təyin olunmuşdu.
Mədəniyyət Nazirliyi 1953-cü ildə yaradılıb. 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi adı daşıyıb.