Dekabrın 22-də siyasətçi Ələkrəm Hümmətovun Niderlandın Haaqa şəhərində vəfat etdiyi xəbəri yayılıb.
Novator.az bildirir ki, 1948-ci il oktyabrın 28-i Lerikdə doğulan Ələkrəm Hümmətov indiki Azərbaycan Texniki Universitetində ali təhsil alıb.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib, ilk İdarə Heyətində təmsil olunub, 1990-1991-ci illərdə Sosial Demokrat Partiyasında siyasi fəaliyyət göstərib, 1992-1993-cü illərdə müdafiə nazirinin müavini postunu tutub.
1993-cü ilin yayında Ələkrəm Hümmətov Azərbaycanın cənub bölgələrində separatçı rejim (“Talış-Muğan Respublikası”, “Talış-Muğan Muxtar Respublikası”) qurmağa cəhd göstərib. Buna görə tutulub ölüm cəzasına məhkum olunan, sonra cəzası ömürlük həbsə dəyişdirilən Ələkrəm Hümmətov 2004-cü il sentyabrın 3-də əfv edilib, Azərbaycan vətəndaşlığından çıxarılaraq Niderlanda göndərilib. Sonrakı illərdə də o, Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı çağırışlar edib, 2013-cü ildə ölkənin işğaldakı ərazilərinə gedərək ermənilərlə əməkdaşlıq əlaqələri qurub.