2022-ci il dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postundan istefa verən Vasif Talıbov hakimiyyətin əsas veteranlarından idi. O, Ali Məclisə 1995-ci il dekabrın 16-dan sədrlik edirdi. Məclis sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılır.
Ölkə parlamentinin deputatı olan Vasıf Talıbov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Azərbaycana bu partiyanın sədri İlham Əliyev prezidentlik edir. İlham Əliyev 2003-cü il avqustun 4-də baş nazir təyin edilib, oktyabrın 15-də prezident seçkisinin qalibi elan olunub, oktyabrın 31-də səlahiyyətlərinin icrasına başlayıb, 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində kürsüsünü qoruyub.
İlham Əliyevin atası Heydər Əliyev 1993-2003-cü illərdə dövlət başçısı olub. İndiki hakim komandada yer alan bir çox yüksək vəzifəli şəxs həmin dövrün kadrıdır.
Novator.az bildirir ki, 2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən hərbi prokuror, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrində çalışıb.
Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.
Prezidentin köməkçisi, administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.
Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.
Prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.
2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, həmin ilin iyun ayında Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2018-ci il iyulun 16-dan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi başçının səlahiyyətlərini də həyata keçirib.
Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.
Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.
2019-cu ildən baş nazir olan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.
2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.
2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov Heydər Əliyevin prezident postu tutduğu 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.