BMT Təhlükəsizlik Şurasının 20 dekabr iclasında Azərbaycanın Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən Laçın yolundakı durum müzakirə olunub. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də çıxış edib. O, Azərbaycan hökumətinin və aksiya keçirən vətəndaşların yolu bağlamadığını deyib: “Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkət rejimi dəyişməz qalır, sülhməramlılar isə marşrutun mühafizəsi üzrə vəzifələrini yerinə yetirir. Sosial şəbəkələrdə yayılan videolarda təcili yardım avtomobilləri və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin yoldan maneəsiz keçdiyi görünür.
Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə şərtlərin pozulmasıdır və buna yol verilə bilməz”.
Qərargahı ABŞ-ın Nyu-York şəhərində olan BMT-də müzakirə Ermənistanın təşəbbüsü ilə keçirilib. Ermənistan mətbuatı iclasda ABŞ, Meksika, Keniya, Hindistan, Böyük Britaniya, İrlandiya, Norveç, Niderland, Fransa, Albaniya nümayəndələrinin yolu açmağa çağırış etdiyini bildirir.
Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri Yuxarı Qarabağda, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə yataqlara yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.
Dekabrın 12-si səhərdən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri dekabrın 16-sı Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.