Vətəndaş cəmiyyəti nümayəndələri ictimai fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa çağırıb.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb. Hakimiyyəti sərt tənqid etməsi ilə tanınır.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasına salınan fəal dekabrın 15-dən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir.
Vətəndaş cəmiyyəti nümayəndələrinin hakimiyyətə müraciətində qeyd olunur ki, cinayət işinin ictimaiyyətə bəlli hallarına baxdıqda Bəxtiyar Hacıyevin zərərçəkən olduğu görünür: “Ona cinayətkar kimi yanaşılması, barəsində həbs tədbirinin seçilməsi qanunvericiliyə, hüquqa kobud müdaxilə təsiri bağışlayır. İctimaiyyət bu həbsin siyasi motivli olması ilə bağlı yekdil qənaətdədir. Bəxtiyar Hacıyev bu ədalətsiz qərara etiraz əlaməti olaraq aclığa başlayıb və aksiya onun sağlamlığını təhlükəyə atır.
2020-ci ilin 44 günlük Qarabağ müharibəsi zamanı Bəxtiyar Hacıyev ona qoşulan könüllülərlə birgə çox faydalı işlər görüb. Onun təşəbbüsü ilə xeyli insan qida, pul və əşyaların ön cəbhədə döyüşən hərbçilərə göndərilməsində iştirak edib. Ölkənin çətin bir vaxtında vətənə təmənnasız xidmət göstərmiş Bəxtiyar Hacıyevin xidmətlərinin nəzərə alınmamasından təəssüf hissi keçiririk.
Beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə daha çox yönəldiyi bir vaxtda – Qarabağ probleminin həllinə yönələn aktivliyin artdığı, Ermənistanla sülh müqaviləsi danışıqlarının getdiyi, İranla münasibətlərin pisləşdiyi vaxtda daxili gərginliyə səbəb ola biləcək addımları ölkəmizin milli maraqlarına zidd hesab edirik. Təqsirsiz insanların həbsi praktikasını daxili siyasi gərginliyin əsas mənbəyi sayırıq. Biz Bəxtiyar Hacıyevi aclığı dayandırmağa, hakimiyyəti isə onun barəsində çıxarılan ədalətsiz qərarı ləğv etməyə çağırırıq”.
Bəyanatı siyasi şərhçi Nəsimi Məmmədli, hüquqşünaslar Xalid Ağalıyev, Ələsgər Əhmədoğlu, jurnalistlər Mehman Əliyev, Kamran Mahmudov, Seymur Kazımov, Pərviz Həşimli, iqtisadçılar Rövşən Ağayev, Azər Mehtiyev, İlham Hüseynli, QHT təmsilçisi Namiq Abdullayev, yazıçı-publisist Vahid Qazi, alim Zaur Əliyev imzalayıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi