Dekabrın 14-ü Türkmənbaşı şəhərində bir araya gəlmiş Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun əsas müzakirə mövzularından biri Türkmənistan qazının Avropaya çatdırılması, Transxəzər kəmərinin çəkilməsi məsələsi olub.
İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, Xəzər dənizinin dibi ilə Türkmənistandan Azərbaycana çəkiləsi kəmər 25 ildir Rusiyanın təzyiqləri üzündən dalana dirənib: “Transxəzər layihəsinin tarixi 1998-ci ilin aprelində Türkmənistanın birinci prezidenti Saparmurad Niyazovun ABŞ-a işgüzar səfəri zamanı, həmkarı Bill Klinton və vitse-prezident Albert Qorla görüşlərdə gündəmə gəlib: “1999-cu il fevralın 19-u Türkmənistanın paytaxtı Aşqabadda Transxəzər qaz kəməri layihəsinə dair müqavilə imzalanmışdı. Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə Transxəzər kəmərinin 28 ay müddətində tikilməsini nəzərdə tuturdu. Ancaq 2000-ci ildə Rusiyada hakimiyyət Vladimir Putinə keçəndən bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu ləğv edildi.
Türkmənistandakı 14 dekabr 2022-ci il sammitindən sonra Rusiya televiziyalarında Türkmənistan qazının Avropaya nəqli layihəsinə imkan verilməyəcəyini söyləyənlər peyda olub, hətta bəziləri Azərbaycanın enerji infrastrukturuna zərbələrin endirilməsinə çağırır. Bunlar Kremlin Transxəzər sancılarıdır.
Xəzər dənizinin statusu ilə bağlı razılaşmalar Rusiyaya ekoloji motivləri qabardıb Transxəzərin reallaşmasına əngəllər yaratmaq bəhanəsi verir. Rusiya hər cəhdlə bu layihəyə mane olmağa çalışacaq.
Bu məsələdə Rusiyanı oyundan kənar vəziyyətdə qoymaq üçün bir yol var. Bütün dünya qazı sıxılmış formada, tankerlərlə daşımağa üstünlük verir. Bakıda müasir gəmiqayırma zavodu var. Avropa və ABŞ-ın dəstəyini alaraq o zavodda tanker inşasına başlamaq mümkündür. Yeni tip tankerlərdə təbii qazı mayeləşdirən, sonradan normal hala gətirən qurğular da olur. Cəmi dörd tankerlə hər ay 1 milyard kubmetrə yaxın qaz daşımaq olar, bu da boru çəkilməsi zərurətini aradan qaldırar”.
Xəzərin hüquqi statusunu Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran birgə müəyyən edir.