Dekabrın 20-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb, Bəxtiyar Hacıyev həbsdə qalıb. “Turan”ın məlumatına görə, vəkil Şəhla Hümbətova jurnalistlərə qərardan apellyasiya şikayəti veriləcəyini deyib. O, Bəxtiyar Hacıyevin aclığı davam etdirdiyini, səhhətinin pisləşdiyini vurğulayıb.
Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanan fəal dekabrın 15-i səhərdən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir, yalnız su içir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir