Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyevin təzyiqə məruz qaldığı iddia olunur. “Turan”ın məlumatına görə, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 19-u axşam açıqlama yayaraq deyib ki, dekabrın 17-si səhər Bəxtiyar Hacıyevi kameradan çıxarıb soyuq karserə (cərimə kamerası) salıblar və 8 saat orada susuz saxlayıblar, təhqirə məruz qoyublar.
Daha sonra istintaq təcridxanası rəisinin yanına aparılan fəala aclıq aksiyasını dayandırmaq üçün psixoloji təzyiq göstərildiyi vurğulanır.
İddiaya görə, aksiyadan daşınması üçün kamera yoldaşlarını da fəalın üstünə qaldırıblar.
Rüfət Səfərov qeyd edir ki, Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasından Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına köçürülməsini istəyir.
Bakı İstintaq Təcridxanası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə aid müəssisədir.
Vəkil Aqil Layicin yaydığı məlumata görə, Bəxtiyar Hacıyevin həyat təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmən müraciət olunub.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanan fəal dekabrın 15-i səhərdən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir, yalnız su içir.
Dekabrın 19-da Bəxtiyar Hacıyevin həbsdən çıxmasına daha bir cəhd göstərilib, Xətai Rayon Məhkəməsinə müraciətdə fəalın ev dustaqlığına buraxılması istənib.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir