Bakı İstintaq Təcridxanasında saxlanan müxalif fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını davam etdirir. Dekabrın 19-da fəala baş çəkən vəkil Aqil Layic yazır ki, Bəxtiyar Hacıyev onunla görüşdə aclıq aksiyasını dayandırması barədə iddiaların reallığı əks etdirmədiyini deyib: “Dekabrın 18-də bəzi media qurumları aksiyanın dayandırılması xəbəri yaymışdı. Ancaq Bəxtiyar Hacıyev aclığı davam etdirir, yalnız su içir və aksiyanı dayandırmaq fikrində olmadığını bildirir”.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Fəal məhkəmə prosesində deyib ki, dekabrın 15-i səhərdən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyasına başlayıb.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub