İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın tədiyyə balansı statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana neft (neft məhsulları da daxil) və qaz ixracatından 28,7 milyard dollar daxil olub: “Bu vəsaitin təxminən 13 milyard dolları xarici neft şirkətləri vasitəsilə ölkədən çıxarılıb, 7 milyard dollara yaxını mənfəət nefti formasında Dövlət Neft Fonduna köçürülüb.
Dövlət Neft Şirkətinin şəffaf hesabatlılıq sistemi olmadığından quruma bu dövriyyədən çatan məbləğ bilinmir.
Beynəlxalq tranzitdə yüksəliş nəqliyyat xidmətlərinin ixracından gəlirləri də kəskin artırıb – 50 faiz. Bu xətlə daxilolma 2,3 milyard dollar göstərilir. Artımın mənbəyi neft-qaz daşımalarıdır. Neft-qazın tranzitindən gəlirlər ötən ilin doqquz ayındakı 717 milyon dollardan 1,4 milyard dollara qalxıb. Qeyri-neft daşımaları üzrə gəlir keçənilki qədər – 800 milyon dollardan bir qədər çox olub.
İlkin gəlirlər hesabının defisiti 4 dəfə artaraq 4,3 milyard dollara çatıb. Defisitin böyüməsinin səbəbi xarici neft-qaz şirkətlərinə çatan mənfəətin ölkədən çıxarılmasıdır.
Vətəndaşlara xaricdən göndərilən pulun həcmi 4 dəfəyə yaxın artaraq 2,8 milyard dollara yüksəlib.
Maliyyə hesabının kəsiri 6,5 dəfə böyüyərək 9,6 milyard dollar olub. Statistikanın konkret maddə və bölmələr üzrə uçota ala bilmədiyi kapital axını 510 milyon dollar təşkil edib (hesabatda “balanslaşdırıcı maddə” kimi qeyd olunur).
İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti layihələrinə xarici şirkətlərin cəlbi üzrə maliyyə əməliyyatlarının nəticələri balansın “tikinti xidmətləri” bölməsində görünmür. Çünki 2021-ci ilə qədər də, son iki ildə də xaricdən qeyri-neft sektoru üçün idxal olunan tikinti xidmətlərinə görə ödəmələrin dəyəri simvolik məbləğlərdə olub (təxminən 3-5 milyon manat). Amma hər kəs bilir ki, ən azı Türkiyənin müxtəlif tikinti şirkətləri dəyəri 100 milyon manatlarla ölçülən tikinti layihələri icra edir. Xeyli sayda Avropa şirkəti də memarlıq və arxitektura məqsədli, dəyəri 10 milyonlarla ölçülən layihələrə cəlb olunub. Güman ki, bu layihələrin icrası ilə bağlı qeyri-rezidentlərə maaş, qonorar və mənfəət formasında ödənişlər üzrə ölkədən çıxarılan vəsaitlərin məbləğini izləmək üçün “ilkin gəlirlər” bölməsinə (qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödəmələr maddəsi) diqqət yetirmək lazımdır. 2021-ci ilə qədər bu maddə üzrə məbləğlər kiçik olub (3-4 milyon manat). Son iki ildə isə vəziyyət dəyişib, həm 2021-ci, həm də 2022-ci ilin doqquz ayının yekunlarında analoji məbləğ 500 milyon manata yaxınlaşıb.
Ölkədən depozit və xalis valyuta formasında xalis kapital çıxışının məbləğinin ötən ilin doqquz ayına nəzərən 12 dəfədən çox artaraq 3,2 milyard dollara çatması da diqqət çəkir”.