Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə Milli Məclisin 16 dekabr iclasında son oxunuşdan keçmiş “Siyasi partiyalar haqqında” qanun layihəsinin imzalanmaması xahiş olunur: “Qanun layihəsi parlament partiyalarının, o cümlədən bizim partiyanın təşəbbüsü ilə hazırlansa da, gözləntilərimizin tam əksinə olaraq ölkədə partiya sisteminin sağlam inkişafına əngəl törədəcək. Bu qənaətimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının siyasi partiyalarla əlaqələrə məsul şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq.
Təəssüf ki, ölkə daxilində bizim ekspertizaya önəm verilmədi. Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi üzvlərindən xahiş etdik ki, Venesiya Komissiyasından bu qanun layihəsi haqqında təcili rəy istəsinlər. Dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənməsi haqda qərar verdi. Komissiyanın təcili rəyi adətən bir neçə həftəyə tərtib edilir. Azərbaycanın demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün xahiş edirəm Venesiya Komissiyasının rəyi çıxana qədər “Siyasi partiyalar haqqında” qanunun qüvvəyə minməsini təxirə salasınız”.
Venesiya Komissiyası Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumudur.
Azərbaycan Konstitusiyasına görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır.
“Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı sentyabrın 7-də təqdim olunmuş, noyabrın 21-də yenilənmiş variant açıqlanmışdı.
Layihəyə görə, siyasi partiyanı Azərbaycanın tam fəaliyyət qabiliyyətli azı 50 vətəndaşı təsis edə bilər. Dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olmalıdır. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.
Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.
1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayətdir. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.
Respublikaçı Alternativ Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın Siyasi Komitəsinin üzvü Erkin Qədirli Milli Məclisin deputatıdır, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində yer alır.
Partiya qanunu: layihə yenilənib
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?
Partiyanın ləğvi: qanun layihəsi nə deyir?
60 partiyaya 180 gün vaxt veriləcək
Partiya qanunu ilk oxunuşdan keçdi
Partiya: yeni layihəyə etiraz, təklif
ADR yeni partiya qanununu kənara qoymağa çağırır