İstanbul bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu 2 il 7 ay 15 gün həbsə məhkum edilib. Şəhərin cəza məhkəmələrinin birinin dekabrın 14-də çıxardığı hökm siyasi fəaliyyətə yasağı da nəzərdə tutur.
Hökmə görə, Əkrəm İmamoğlu 2019-cu ildə Ali Seçki Qurumunun üzvlərini təhqir edib.
Əkrəm İmamoğlu hələlik azadlıqda və iş başındadır. Yekun qərar yuxarı instansiya məhkəmələrində baxışdan sonra veriləcək.
Novator.az bildirir ki, 1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib.
1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub.
2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub.
Cümhuriyyət Xalq Partiyası Türkiyənin əsas müxalif partiyasıdır.
2019-cu il martın 31-i ölkədə bələdiyyə seçkiləri keçirilib. Cümhuriyyət Xalq Partiyasını təmsil edən Əkrəm İmamoğlu İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. Bu posta Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib. Əkrəm İmamoğlu qalib elan olunub və aprelin 17-də səlahiyyətlərinin icrasına başlayıb.
Bundan sonra Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciət edərək İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyub. Ali Seçki Qurumunun mayın 6-da çıxardığı qərarla İstanbul bələdiyyəsinə seçkinin nəticələri ləğv olunub, iyunun 23-nə yeni seçki təyin edilib.
Müxalif dairələr qərarı sərt etirazla qarşılayıb, hakimiyyətin və Ali Seçki Qurumunun ünvanına ittihamlar səsləndirilib. Əkrəm İmamoğlu 31 mart seçkisinin ləğvinə qərar verənləri axmaq adlandırıb.
23 iyun 2019-cu il seçkisində Əkrəm İmamoğlu yenidən qələbə qazanıb.
Siyasi şərhçilər Əkrəm İmamoğluya cəza kəsilməsini 2023-cü ilin seçkiləri ilə bağlayır.
2023-cü il iyunun 18-i Türkiyədə həm parlament, həm prezident seçkisi keçiriləcək.
2002-ci ildən bəri ölkədə Ədalət və İnkişaf Partiyası hakim partiyadır. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub, 2014-cü ildən prezidentdir.
2023-cü ilin prezident seçkisində Rəcəb Teyyub Ərdoğanın mümkün rəqibləri siyahısında Əkrəm İmamoğlu da yer alır.
Başqa mümkün namizədlər Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, bu qurumun üzvü Mənsur Yavaş (Ankara bələdiyyəsinin başçısı), Yaxşı Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Demokratiya və Sıçrayış Partiyasının lideri Əli Babacan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal və başqalarıdır.
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Rəcəb Teyyub Ərdoğana dəstək verir.