NATO Ukraynaya nüvə silahı verə bilərmi? İsrailin “Yerusəlim Post” qəzeti belə bir ehtimalı şərh edib.
Novator.az-ın məlumatına görə, təhlilin müəllifi 25 ildən çoxdur İsrailin milli təhlükəsizliyi məsələsini araşdıran Ehud Eylamdır. Bir vaxt İsrailin Müdafiə Nazirliyində analitik kimi çalışmış Ehud Eylamın ABŞ-da 6 kitabı nəşr olunub. Sonuncu kitabı “İsrailin Yaxın Şərq strategiyası: İran işi” adlanır.
“Yerusəlim Post”dakı məqaləsində Ehud Eylam xatırladır ki, 2022-ci ilin fevral ayından Ukrayna ilə total savaşa qalxan Rusiya prezidenti Vladimir Putin dekabrın əvvəlində nüvə müharibəsi riskinin artdığını bəyan edib. Təhlilə görə, Ukraynanı dəstəkləyən NATO ölkələri, xüsusilə ABŞ və Böyük Britaniya çıxış yolunu Ukraynanı taktiki nüvə silahı ilə təmin etməkdə də görə bilər. Müəllif bəzi mülahizələri xatırladır: “Bu, Rusiyanı daha aqressiv müharibə aparmaqdan çəkindirə, Ukraynaya atom bombası atılacağı halda NATO-nu Rusiyaya nüvə zərbəsi endirmək məcburiyyətindən qurtara bilər, yəni cavab zərbəsini NATO yox, Ukrayna endirmiş olar, alyans nüvə müharibəsinə qoşulmaqdan sığortalanar, axı indi də Ukrayna Rusiyaya NATO silahları ilə cavab verir, ancaq bu, NATO-nun birbaşa müharibədə iştirakına gətirib çıxarmır”.
Ukraynanın taktiki nüvə silahı ilə təmin edilməsi variantının söykənə biləcəyi arqumentləri sadalayan Ehud Eylam belə qənaətə gəlir ki, NATO ölkələri Ukraynaya nüvə silahı verməməlidir, çünki bu, təhlükəli və problemli məsələdir.
Müəllif öz fikrini bir neçə faktorla əsaslandırır: nüvə silahı işə salmaq üçün yox, çəkindirmək üçündür, Ukrayna prezidenti Vladimir Zelenski isə gəncdir, 44 yaşı var, necə deyərlər, dəliqanlıdır, Rusiyaya qarşı müqavimətə yaxşı liderlik etsə də, dövlət xadimi, siyasətçi kimi çox da təcrübəli deyil, 2019-cu ildə prezident seçilənədək yalnız media və incəsənət sahəsində çalışıb və belə bir adama, özü də ölkəsi hücuma məruz qaldığı, torpaqları işğal olunduğu, əsgərləri, mülki vətəndaşları hər gün öldürüldüyü bir dövrdə nüvə silahı vermək, onun həmin silahı heç vaxt (Rusiya nüvə zərbəsinə əl atmasa belə) işə salmayacağını düşünmək risklidir.
Müəllif qeyd edir ki, hətta Zelenskiyə nüvə silahı etibar etmək olarsa belə, əsəbləri gərilmiş, Rusiyaya nifrətlə dolmuş hərbi komandanlığın bu silahı prezidentin iradəsindən kənar işə salması ehtimalı var.
Ehud Eylam yazır ki, Ukraynanın adi silahlarla hücum əməliyyatlarının istər hazırlanması, istərsə də icrası prosesi günlərlə, həftələrlə çəkir və NATO-nun bu əməliyyatları hər an dayandırmaq imkanı var: “Ukraynanın nüvə zərbəsi endirməsi isə (istər hazırlıq, istər icra prosesi) çox sürətlə baş verə bilər. Nüvə silahı işə düşəndən sonra geriyə yol qalmır”.
Müəllif onu da vurğulayır ki, Ukrayna nüvə silahına malik olsa, Kiyev bu silahın idarə edilməsində ABŞ-ın texniki yardımına ehtiyac duyacaq, ona görə istər-istəməz Vaşinqtonun əlində Kiyevə təsir imkanları qalacaq. Ancaq o biri yandan Ehud Eylam yada salır ki, sovet dövründə Ukrayna torpağında nüvə raketləri olub, ukraynalıların bu sahədə bilgiləri var. Ukraynada 16 ədəd nüvə reaktorunun olduğunu da xatırladan müəllif, beləliklə, nüvə məsələsinin ukraynalılara heç də yad olmadığını vurğulayır və bütün bunları Kiyevin nüvə silahına nəzarəti tam ələ keçirə bilməsinin mümkünlüyü kimi qiymətləndirir. Yəni müəllifin fikrincə, Ukraynanın nüvə silahını ABŞ-ın, NATO-nun mövqeyindən asılı olmayaraq tətbiq etmə potensialı da var.
Ehud Eylam yazır ki, Rusiya indiyədək nə ABŞ-a, nə də NATO-nun başqa bir üzvünə silahlı hücum edib: “Lakin Rusiyanın bu siyasəti davam etdirəcəyinə zəmanət yoxdur. Rusiya getdikcə daha çarəsiz duruma düşə bilər. O halda NATO-nun Ukraynanı nüvə silahı ilə təmin etməsi Rusiyaya alyans üzvünə hücum çəkmək üçün bəhanə verə bilər. Bu o deməkdir ki, Ukraynanın nüvə silahı ilə təmin olunması Rusiyanın alyansla müharibəyə başlaması ehtimalını da artıra bilər”.
Məqaləsində Ehud Eylam Ukraynaya taktiki nüvə silahı verilməsinin doğura biləcəyi daha bir problemə toxunur. Onun sözlərinə görə, Ukrayna nüvə silahına sahiblənsə, Rusiyadan ehtiyatlanan başqa dövlətlərin də NATO-dan nüvə raketləri tələb etməsi mümkündür. Müəllif vurğulayır ki, söhbət təkcə Ukrayna kimi NATO üzvü olmayan ölkələrdən getmir, bu, elə NATO-nun öz üzvlərinə də aiddir: “Xüsusən Rusiya ilə sərhəddə yerləşən NATO ölkələri nüvə silahı ilə təmin olunma tələbini qoya bilər”.
Bu və digər faktorları yazandan sonra Ehud Eylam vurğulayır: “NATO nüvə silahını yaymaq deyil, məhdudlaşdırmaq yolunu tutmalıdır”.
Mənbə: Jpost.com