Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvili dekabrın 14-də müraciət yayaraq yenidən aclıq aksiyasına başladığını bəyan edib. O, Tbilisi Şəhər Məhkəməsində keçiriləsi prosesdə video vasitəsilə iştirakına şərait yaradılması tələbi qoyub.
Paytaxt məhkəməsi dekabrın 22-də sabiq prezidentin cəzasının təxirə salınması, səhhətinə görə azadlığa buraxılması barədə vəsatətə baxmalıdır. Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin prosesdə video vasitəsilə iştirakının texniki cəhətdən mümkün olmadığını iddia edir.
Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub.
2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.
Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da gizli yolla Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulandan sonra sabiq prezident iki dəfə aclıq aksiyası keçirib (1 oktyabr-20 noyabr 2021-ci ildə və 21 fevral-10 mart 2022-ci ildə), bu da onun səhhətini ağırlaşdırıb. 2021-ci ilin noyabr-dekabr aylarında iki müalicə müəssisəsində kurs keçən Mixail Saakaşvili 2022-ci il mayın 12-də Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.
Dekabrın 14-ü axşam sabiq prezidentin Avropa Parlamenti üzvlərinin çağırışını nəzərə alaraq aclığı dayandırdığı xəbəri yayılıb.