Bakı Apellyasiya Məhkəməsi müxalif fəal Bəxtiyar Hacıyevin həbsindən verilən şikayətə baxacaq. Vəkil Aqil Layicin yaydığı məlumata görə, proses dekabrın 15-i saat 15-ə təyin olunub, iclasa hakim Zəki Babayev sədrlik edəcək.
Novator.az bildirir ki, Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.