Demokratik Qüvvələrin Milli Şurası müxalif ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələb edir.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Novator.az bildirir ki, Milli Şuranın bəyanatında Bəxtiyar Hacıyevin dekabrın 9-u Avropaya səfərdən qayıdarkən tutulduğu vurğulanır: “Bəxtiyar Hacıyevə ittihamlar əsassızdır və onun həbsi üçün bəhanədir. Əslində Bəxtiyar Hacıyev bilavasitə ictimai-siyasi fəaliyyətinə, hökuməti sərt tənqid etdiyinə görə cəzalandırılır, onun həbsi siyasi motivlidir.
Bəxtiyar Hacıyev neçənci dəfədir repressiyaya məruz qalır. 10 ildən çoxdur hakimiyyətin basqısı altında olan Bəxtiyar Hacıyev bu müddətdə həbs edilib, oğurlanaraq işgəncəyə, polis idarəsində fiziki zorakılığa məruz qoyulub, dəfələrlə məhkəmə təqibinə cəlb edilib. Hakimiyyət onu susdurmaq və mövqeyindən çəkindirmək üçün çox səy göstərib, amma Bəxtiyar Hacıyev geri çəkilməyib. İndi onu qurama ittihamlarla yenidən azadlıqdan məhrum edirlər. Milli Şura Bəxtiyar Hacıyevin həbsini qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını tələb edir.
Bəxtiyar Hacıyevin həbsi təkcə ona qarşı repressiya aktı da deyil. Bu, despotik hakimiyyətin gerçək siyasi müxalifət və vətəndaş cəmiyyəti üzərinə növbəti yürüşünün, onları tamamilə sıradan çıxarmaq cəhdinin tərkib hissəsidir. Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əsassız bir ittihamla məhkəməyə çəkilməsi, “Siyasi partiyalar haqqında” mürtəce qanunun tələm-tələsik qəbuluna çalışmaq da bu baxımdan təsadüfi deyil. Hakimiyyət dünyada baş verənlərin, xüsusən də Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallığın fonunda beynəlxalq avtoritarizmin yaxın vaxtlarda tamam çökəcəyini dərk edir, buna görə özünün real alternativlərini tamamilə sıradan çıxarmaq istəyir. Milli Şura Azərbaycan xalqını onun tərəqqisinə buxov olmuş avtoritar hakimiyyətin bu xəbis istəyi qarşısında susqun qalmamağa çağırır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərlərindən biri AXCP sədri Əli Kərimlidir.