Qətərdə keçirilən 22-ci dünya futbol çempionatının 1/4 final oyunları 9-10 dekabra təyin edilib: Xorvatiya – Braziliya, Niderland – Argentina, Mərakeş – Portuqaliya, İngiltərə – Fransa.
Yarımfinallar 13-14 dekabrda, üçüncü yer uğrunda oyun 17 dekabrda, final matçı 18 dekabrda olacaq.
Novator.az-a danışan idman icmalçısı Rasim Mövsümzadə deyib ki, geridə qalmış 56 matçın nəticələrinə əsaslanıb finalda Braziliya və Fransa milli komandalarının qarşılaşacağını təxmin etmək olar: “Bu yığmalar həm oyun, həm də heyət baxımından çempionluğa daha yaxın, daha layiq görünürlər… Çoxlarının arzuladığı Lionel Messi – Kriştiano Ronaldo qarşıdurması üçünsə Argentinanın əvvəlcə Niderlandı, sonra Xorvatiya və ya Braziliyanı, Portuqaliyanın əvvəlcə Mərakeşi, sonra İngiltərə və ya Fransanı məğlub etməsi lazımdır. Bu, 2006-cı ilin dünya çempionatından sonra Argentina və Portuqaliya yığmalarının eyni vaxtda yer aldığı ilk 1/4 finaldır.
Doğrusu, əvvəllər bu sevinci yaşamamış bir komandanın dünya çempionu titulunu qazanmasını istərdim. Portuqaliya və ya Niderlandın, möcüzə kimi görünsə də, Xorvatiya və ya Mərakeşin qalib olmağına sevinərdim.
Mərakeş və onun 1/4 finaldakı rəqibi Portuqaliya final üzü görməyiblər. İndi onlardan birinin çempionluq uğrunda mübarizəni yarımfinalda davam etdirmək şansı var.
Mərakeş – Portuqaliya matçı həm də onunla maraqlıdır ki, Qətərdə qapısından ən az top buraxmış (1 qol) və ən çox qol vurmuş (12 qol) komandaların qarşılaşması olacaq”.
1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.