Bakı Apellyasiya Məhkəməsi siyasətçi İsa Qəmbərin şikayətini icraata götürüb. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, ilkin proses 2023-cü il fevralın 15-nə təyin edilib.
Dövlət Sosial Müdafiə Fondu ilə çəkişən İsa Qəmbərin Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il qərarından şikayəti noyabrın 18-də təqdim olunub.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə parlamentin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavatın başqanı postunu tutan İsa Qəmbər hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
2022-ci il fevralın 24-də pensiya yaşına – 65 yaşa çatan İsa Qəmbərə mayın 11-də yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.
Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilib, bildirilib ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür. Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulması istənib. Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsmək qərarını haqlı sayıb.
Parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80 faizi 2840 manat edir.
Sabiq dövlət başçısına 180 manat…
İsa Qəmbərin şikayətinə baxılacaq
Məzuniyyət məhkəməni başqa vaxta apardı
Məhkəmə 180 manat qərarını haqlı saydı