Neft ixrac edən ölkələrin koalisiyası dekabrın 4-də yeni razılaşma əldə edib. Novator.az bildirir ki, noyabr-dekabr ayları üçün müəyyən edilmiş hasilat hədlərinin 2023-cü ildə qüvvədə saxlanmasına qərar verilib. Azərbaycanın gündəlik hasilat norması 684 min barreldir.
Beynəlxalq koalisiyaya OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) daxildir.
Yanvar-oktyabr aylarında Azərbaycanda 27,2 milyon ton neft çıxarılıb, 17,1 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel, sentyabrda 543 min barrel, oktyabrda 547,2 min barrel göstərilib.
2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” markalı Azərbaycan neftinin barreli yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68, noyabra 95,50, dekabra 87,82 dollarla başlayıb.