Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Milli Məclisin 29 noyabr iclasında ilk oxunuşdan keçmiş “Siyasi partiyalar haqqında” qanun layihəsinə münasibət bildirib. Novator.az-ın məlumatına görə, dekabrın 5-də yayılan bəyanatda qeyd olunur ki, layihə Avropa İnsan Hüquqları Konvensiyasının və Azərbaycan Konstitusiyasının tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasını yasaqlayır və bu da hakimiyyətin marağında olmayan yeni siyasi partiyaların yaranması və formalaşması prosesinə əngəl yaradacaq: “Layihədə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmədiyi yazılsa da, icra hakimiyyəti orqanına siyasi partiyanın fəaliyyətini yoxlayarkən dövlət orqanlarından, yerli idarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətləri də nəzərə almaq səlahiyyəti verilir. Bu o deməkdir ki, hakimiyyəti qane etməyən partiyanın sıxışdırılması, qeydiyyatının ləğvi üçün qərəzli ərizə və şikayətlərin təşkilinə qanuni şərait yaradılır.
Layihədə qeyd olunur ki, təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi icra hakimiyyəti orqanına ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizəni siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər imzalamalı və sənəd notariat qaydasında təsdiqlənməlidir. Ərizənin səlahiyyətli şəxslə yanaşı 50 nəfər təsisçinin də imzalaması tələbi reallığa uyğun deyil. 50 nəfərin eyni vaxtda bir notariat orqanında toplaşması, onların şəxsiyyətinin və fəaliyyət qabiliyyətinin yoxlanması praktik olaraq mümkün deyil.
Layihədə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələbi və 180 gün ərzində üzvlərin reyestrini tərtib etmək şərti qoyulur. Reyestr partiya üzvlərinin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməklə aparılmalıdır. Hakimiyyətin təzyiqindən ehtiyatlanan şəxslər bu şərtlər altında partiya üzvü olmaq istəməyəcək və belə bir durumda təsis edilmiş hər hansı bir partiyanın 180 gün daxilində azı 5000 nəfər üzv toplaması qeyri-mümkündür”.
Layihənin bir çox başqa müddəasına da etiraz bildirilən bəyanatda qeyd olunur ki, onun qəbul edilməsi yolverilməzdir: “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlament müzakirəsi dayandırılmalı, sənəd Avropa Şurasının Venesiya Komissiyasının ekspertizasından keçirildikdən, iradlar və təkliflər nəzərə alındıqdan sonra ictimai müzakirəyə təqdim olunmalıdır”.
ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Hələ dövlət qeydiyyatına alınmamış partiyaya iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu sədrlik edir. Qurumun rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.
Partiya qanunu: layihə yenilənib
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?
Partiyanın ləğvi: qanun layihəsi nə deyir?
60 partiyaya 180 gün vaxt veriləcək