Xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 1-i Polşanın Lodz şəhərində, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışının mətni yayılıb.
Ermənistanla münaqişəyə toxunan nazir deyib ki, Azərbaycan 30 ilə yaxın davam edən silahlı münaqişənin başa çatması ilə onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb: “Yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına şəraitin yaradılması, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi mütləq prioritetdir: “Azərbaycan postmünaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Ölkə konstitusiyası bu xüsusda möhkəm hüquqi çərçivəni təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir”.
Nazir Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərdiyini vurğulayıb: “Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında sülh təklif edib. Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı tanıdıqlarını təsdiqləyib. Mən Ermənistanın xarici işlər naziri ilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün üç dəfə görüşmüşəm. 7 noyabr 2022-ci ildə Vaşinqtonda keçirilmiş son görüşümüzdə bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Azərbaycan Ermənistana saziş layihəsi ilə bağlı şərhlərini təqdim edib.
İkitərəfli danışıqlarda dinamikanın artmasına baxmayaraq Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi üç əsas istiqamətində irəliləyiş məhdud olaraq qalır. Hər üç istiqamətdə Ermənistan prosesə səmimi şəkildə qoşulmaqdansa keçmiş imitasiya praktikasına sadiq qalır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır. Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.
Bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir. Hər iki tərəfin dayanıqlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda ATƏT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Ermənistanı normallaşma prosesini pozmaq cəhdlərindən əl çəkməyə inandırması əhəmiyyətlidir. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.