Vəkillər Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev noyabrın 29-u Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırova baş çəkiblər.
“Turan”a açıqlama verən Bəhruz Bayramov deyib ki, Taleh Bağırov aclıq aksiyasını davam etdirir, yalnız su içir: “Taleh başqa məhbuslardan təcrid olunmayıb, tibbi nəzarətə alınmayıb, vaxtaşırı hərarətinin yüksəlməsindən əziyyət çəkir”.
Vəkilin sözlərinə görə, Taleh Bağırov hər hansı fiziki təzyiqə məruz qalmadığını deyib, ancaq hüquqlarının pozulmasına, onunla davamlı qeyri-insani rəftara etiraz etdiyini vurğulayıb.
Taleh Bağırov 12 saylı Cəzaçəkmə Müəssisəsinə noyabrın 26-da Qobustan həbsxanasından köçürülüb. Həyat yoldaşının bildirdiyinə görə, məhbus həmin gün rəis müavininin təhqiri ilə üzləşdiyi üçün aclıq aksiyasına başlayıb.
1984-cü il təvəllüdlü Taleh Bağırov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, İranda və İraqda dini təhsil alıb.
2011-2012 və 2013-2015-ci illərdə həbsdə olub.
O, 2015-ci ildə yenidən tutulub, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib, 2018-ci ildə həbs yerində qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinərək daha beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.