Bir qrup hüquqşünas, hüquq müdafiəçisi, siyasi fəal və vətəndaş cəmiyyəti təmsilçisi bəyanat yayıb. Bəyanatda Milli Məclisin müzakirəsində olan “Siyasi partiyalar haqqında” qanun layihəsinə etiraz yer alır: “Qanun layihəsinin siyasi partiyanın təsisi, qeydiyyatı, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması, ləğvi üzrə müddəaları qəbuledilməzdir. Layihə Avropa Şurasının təməl prinsiplərinə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə cavab vermir. Hakimiyyətin qanun layihəsinə Avropa Şurasının Qanunçuluq üzrə Demokratiya (Venesiya) Komissiyasından rəy almaqdan imtinasını demokratiyadan imtina kimi qiymətləndiririk. Azərbaycan vətəndaşlarının siyasi həyatda iştirak hüququnu və birləşmək azadlığını vacib və əvəzolunmaz hesab edərək bunların icrasını zəruri bilirik: Milli Məclisin müzakirəsinə təqdim edilən yeni qanun layihəsi gündəlikdən çıxarılsın; qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilsin; Avropa Şurasının baş katibi, Parlament Assambleyası və digər strukturları layihə üzrə qanunun qəbulundan öncə Venesiya Komissiyasının rəy verməsi üçün səlahiyyətlərini işə salsın”.
Bəyanatı Akif Qurbanov, Aqil Layic, Anar Məmmədli, Azər Qasımlı, Bəxtiyar Hacıyev, Bəşir Süleymanlı, Elman Fəttah, Ələsgər Məmmədli, Ənnağı Hacıbəyli, Fariz Namazlı, Xalid Ağalıyev, İntiqam Əliyev, Nemət Kərimli, Rövşən Ağayev, Rüfət Səfərov, Samir Kazımlı, Şahin Cəfərli, Şəhla Hümbətova, Yadigar Sadıqlı, Yalçın İmanov və başqaları imzalayıb.
Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantını sentyabrın 7-də, yenilənmiş variantını noyabrın 21-də açıqlayıb. Layihə Milli Məclisin 29 noyabr iclasında ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihəyə görə, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Siyasi partiyanı Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı təsis edə bilər. Dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələbi qoyulur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.
Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.
1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayətdir. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.