Novator.az Naxçıvan Muxtar Respublikası ilə bağlı qısa arayış hazırlayıb.
Ölkə konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir, konstitusiya, qanunlar, prezident fərmanları və Nazirlər Kabinetinin qərarları muxtar respublika ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları Azərbaycan Konstitusiyasına və qanunlarına; yerli Nazirlər Kabinetinin qərarları Azərbaycan Konstitusiyasına, qanunlarına, prezident fərmanlarına, Azərbaycan Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını Milli Məclisə ölkə prezidenti təqdim edir və sənəd konstitusiya qanunu ilə təsdiqlənir.
Naxçıvanda qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti, məhkəmə hakimiyyətini yerli məhkəmələr həyata keçirir. Bu qurumlar səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir.
Dairələr üzrə seçilən 45 üzvdən ibarət Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Sədr və müavinlərini Ali Məclis seçir. Ali Məclisin Naxçıvan Muxtar Respublikasının baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, yerli Nazirlər Kabinetinin tərkibinin təsdiqi və ona etimad səlahiyyətləri var.
Naxçıvan Muxtar Respublikasının baş nazirini ölkə prezidentinin təqdimatına əsasən Ali Məclis təyin edir. Nazirlər Kabinetinin formalaşmasında baş nazirin təklifi ilə əsas götürülür.
Bölgədə yerli icra hakimiyyətlərinin başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında prezident təyin edir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində bir çox səlahiyyəti həyata keçirir: yerli qanunları imzalayır və dərc edir; Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir; mərkəzi icra hakimiyyəti orqanları yaradır; yerli məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir; yerli ombudsmanın seçilməsi haqqında Ali Məclisə təqdimat verir; Naxçıvan Muxtar Respublikası prokurorunun, başqa prokurorların vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir; Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir; Təhlükəsizlik Şurası yaradır və ona rəhbərlik edir…
1995-ci ildən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Vasif Talıbov sədrlik edir. 1960-cı il təvəllüdlü Vasif Talıbov Azərbaycan parlamentinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür.
Naxçıvanın muxtariyyətinin rəsmi tarixi 1924-cü il fevralın 9-dan hesablanır. Status Rusiya və Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib.