Müxalifətin bir hissəsinin cəmləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-na keçən gecə Belçikadan qayıdarkən Bakının beynəlxalq hava limanında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. “Turan”ın məlumatına görə, Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə araşdırma gedir.
Səhər saat 10 radələrində Nəsimi Rayon Polis İdarəsindən buraxılan Gültəkin Hacıbəyli “Turan”a deyib ki, paytaxt aeroportunda pasport nəzarəti zamanı saxlanıb: “Sərhədçilər bildirdilər ki, barəndə axtarış elan edilib”.
Nəsimi Rayon Polis İdarəsində Gültəkin Hacıbəyli oktyabrın 27-də ona cinayət işi açıldığını öyrənib: “Ölkədən sentyabrın əvvəlində getmişəm. Vətəndə olmadığım müddətdə mənə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında iş açıb barəmdə axtarış elan ediblər. Cinayət işi üçün əsas “Facebook”da naməlum bir istifadəçinin statusuna yazdığım şərhdir. O istifadəçi davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazırdı və mən bunu ayrı-seçkilik, separatizm sayıram. Həmin şəxs bir neçə gün sonra paylaşımını silib. Mövcud olmayan statusa və şərhə görə mənim barəmdə axtarış qərarı verilib. İndi axtarış və həbs qərarı ləğv edilib, dekabrın 8-nə məhkəmə prosesi təyin olunub”.
147.2-ci maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma bir çox cəza, o cümlədən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu və başqa müxaliflər də təmsil olunur.
1973-cü il təvəllüdlü Gültəkin Hacıbəyli şərqşünas və hüquqşünasdır. 2000 və 2005-ci illərdə Milli Məclisin üzvü seçilib. Əvvəllər hakimiyyətə yaxınlığı ilə tanınıb, 2010-cu ildən müxalifətdədir.