Fransa parlamentinin aşağı palatası – Milli Məclis noyabrın 30-da Azərbaycanı hədəf götürən qətnamə qəbul edib. Novator.az bildirir ki, sənəddə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham olunur, Fransa hökumətinə münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməsi üçün diplomatik addımlar atmaq, Azərbaycana sanksiyaların tətbiqini nəzərdən keçirmək çağırışları və başqa təkliflər yer alır.
Oxşar qətnamə noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senatdan da keçib.
348 nəfərlik Senatı bölgələrdəki kollegiyalar seçir.
Milli Məclis 577 təkmandatlı dairədə formalaşır. 2022-ci ildə seçilmiş indiki Milli Məclisdə prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri çoxluqdadır.
2020-ci il noyabrın 25-də Fransa Senatı, dekabrın 3-də Fransa Milli Məclisi Qarabağ qətnamələri qəbul etmiş, hər iki sənəddə Fransa hökuməti Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağa çağırılmışdı.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Dağlıq (Yuxarı) Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Ermənistana gedən Laçın yolu separatçı rejimlə Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.