Onlarca ölkə Rusiyanın Ukraynada törətdiyi əməllərin hərbi cinayət kimi araşdırılması üçün Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Əməllər hərbi cinayət kimi tanınsa, onda təqsirləndirilən adamlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası məkanında həbs edilə bilər. Çünki o halda bəşəriyyət əleyhinə cinayətlərin, soyqırımı aktlarının bütün iştirakçıları avtomatik qaydada istintaq altına düşmüş olur və təqsirləndirilən şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasındakı istənilən ölkədə aşkarlananda tutulub Haaqaya təhvil verilməlidir. Onda təqsirləndirilən şəxslərə diplomatik pasport kömək etməyəcək, yəni Rusiyanın siyasi və hərbi elita nümayəndələri də məsuliyyətə cəlb olunacaq. Hərbi caniləri isə bir qayda olaraq uzunmüddətli, yaxud ömürlük həbslər gözləyir.
Böyük Britaniyanın “Daily Express” qəzeti yazır ki, Rusiyanın Ukrayna müharibəsində uduzacağı, hərbi cinayətlərdə iştirak edilənlərin isə Haaqa məhkəməsində mühakimə olunacağı xofunun Kreml çevrəsinə yol tapdığı prezident Vladimir Putinin alovlu təbliğatçılarının da dilindən etiraf olunur.
Novator.az-ın məlumatına görə, qəzet misal kimi Rusiyanın bir neçə rəsmi media quruluşunun rəhbəri Marqarita Simonyanın noyabrın 28-i jurnalist Vladimir Solovyovun “Rossiya 1” kanalında apardığı axşam tok-şousunda deyilənləri göstərir. Marqarita Simonyan həmin verilişdə təəssüflə deyib ki, Rusiyada Haaqa tribunalından qorxan adamlar var. O, həmin adamların arasında tanıdığı yüksək vəzifəli şəxslərin olduğunu da vurğulayıb. Jurnalistin fikrincə, o adamlar qorxularından “hər şeyi olduğu kimi adlandırmaqdan çəkinirlər”.
Həmkarının sözünə qüvvət verən Solovyov belələrini pensiyaya göndərməyin vaxtı çatdığını söyləyib.
Simonyan isə üzünü “Haaqadan qorxanlara” tutaraq deyib: “Ey Haaqadan qorxanlar, siz uduzmaqdan, alçaldılmış vəziyyətə düşməkdən, xalqa xəyanətdən qorxmalısınız. Biz uduzsaq, Haaqa Kremlin yan-yörəsini süpürən süpürgəçinin də dalınca gələcək”.
“Qurddan qorxan meşəyə girməz” məsələni nəzərdə tutaraq Simonyan əlavə edib: “Haaqadan qorxursansa, onda meşədən uzaq durmalısan”.
Verilişdə Solovyov Rusiyanın məğlubiyyəti etiraf etməzdən əvvəl “dünyanın külə dönəcəyi”nə, yəni Kremlin nüvə silahına əl atacağına da işarə vurub.
Görünür, jurnalistlər Haaqadan qorxmamaq çağırışının, beynəlxalq hərbi tribunaldan çəkinənlərə yönəlmiş qınağın iki başı olduğunu, tək xofu götürməyə yox, həm də xofu gücləndirməyə xidmət etdiyini, ümumiyyətlə bu cür məsələnin müzakirəyə çıxarılmasının məğlubiyyətin qaçılmazlığının sətiraltı etirafı kimi başa düşüləcəyini də anladıqlarına görə sonda onu da bildiriblər ki, Haaqa-filan olası deyil, yəni Ukraynada törədilən əməllərin hərbi cinayət kimi tanınacağı, Rusiyanın siyasi və hərbi elita nümayəndələrinin məsuliyyətə cəlb olunacağı cəfəngiyatdır.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.
Ukrayna hərbçiləri isə son vaxtlar fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib.
Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Bundan sonra Ukrayna döyüşçüləri martın 3-dən işğal altında olan Xerson şəhərinə daxil olub.
İstər 2014-cü ildə Krım yarımadasının ilhaqına, istərsə də 2022-ci ilin fevralında başlatdığı total müharibəyə görə dünya birliyi Rusiyaya minlərlə sanksiya tətbiq edib. Bəzi sanksiyalara konkret adamların, məmurların, siyasilərin, hərbçilərin, jurnalistlərin də adları salınıb. Sanksiya altına düşən jurnalistlər arasında Marqarita Simonyan və Vladimir Solovyov da var.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Mənbə: Express.co.uk