Parlamentin 29 noyabr iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi son oxunuşda qəbul edilib. Novator.az bildirir ki, yeniliyə əsasən, həm Azərbaycanda, həm də xarici dövlətdə cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmü ilə yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda tanındıqda bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.
Başqa təklifə görə, əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.
Hüquqi şəxs bu hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir: böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə; az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə; ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə; xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.