Müstəqil siyasətçi Azər Qasımlı hesab edir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əsas məqsədi siyasi meydanı olan-qalan müxalif partiyalardan tam təmizləmək, yeni siyasi partiyaların yaranmasının qarşısını almaq, meydanda yalnız iqtidarla sıx əməkdaşlıq edən və ya onun yaratdığı cib partiyaları saxlamaqdır.
Novator.az bildirir ki, noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantını dərc edib.
İlkin layihə sentyabrın 7-də təqdim olunmuşdu.
İndi qüvvədə olan qanun 1992-ci il iyunun 3-də qəbul edilib. Ölkədə 60 partiya dövlət qeydiyyatındadır.
Azər Qasımlı yazır ki, yenilənmiş layihədə partiyanın dövlət qeydiyyatına alınması üçün 5000 üzv tələb olunur: “Qeydiyyatdan keçməyən partiyaların fəaliyyəti qadağan edilir. Siyasi partiyaları nəzarətdə saxlamaq üçün dövlət reyestrı qurulur. Dövlətdən başqa heç kim, hüquqi şəxslər, ictimai birliklər və fondlar partiyaya maliyyə verə bilməz.
İşlək demokratik sistemlər qurmuş və ya demokratik inkişaf yolunda olan bir sıra ölkədə siyasi partiyanın qeydiyyatdan keçməsi üçün üzv ya ümumiyyətlə tələb olunmur, ya da üzvlərin sayı simvolikdir. Qanun layihəsinə son dəyişiklikdə partiya təsisçilərinin sayını 50 nəfərə endiriblər. Əslində elə bu say qeydiyyatdan keçmək üçün yetərli olmalıdır. Çünki əsas məsələ partiya üzvlərinin quru sayı olmamalıdır. Əsas məsələ azad və şəffaf seçki və seçkilərdə partiyaların aldığı səslərin sayıdır, cəmiyyətin dəstəyidir. Seçkilərdə səs almayan, uduzan partiya onsuz da tarixə qovuşacaq, onun ləğvinə vaxt sərf etmək lazım deyil.
Əliyev iqtidarı özünə güvənirsə, xalqdan etimad alacağına əmindirsə, problemi və çəkinəcəyi nədir? 85 milyonluq Türkiyədə qeydiyyat üçün hər hansı partiyanın 30 nəfər üzv-təsisçisinin olması yetərlidir. 57 milyonluq İngiltərədə isə parlament seçkilərində iştirak üçün cəmi 3 seçicinin imzası tələb olunur.
Hakimiyyət Yeni Azərbaycan Partiyası barədə “30 ilin partiyası”, “xalqın partiyası”, “700 min üzvü olan partiya” deyir, onda nədən çəkinir, nədən və kimdən qorxur?
Qanun layihəsi qeyri-demokratikdir və Azərbaycan xalqının maraqlarına, cəmiyyətin inkişafına xidmət etmir. Kimə xidmət etdiyi isə göz qabağındadır – dövlət adından danışan bir nəfərə, bir ailəyə və ətraflarında olan kiçik bir zümrəyə”.
1975-ci il təvəllüdlü Azər Qasımlı Dövlət İdarəçilik Akademiyasında, Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb, Türkiyənin Mərmərə Universitetində magistr dərəcəsinə, Moskva Dövlət Universitetində siyasət üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.
Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Respublikaçı Alternativ Partiyası Məclisinin başqanı olub. 2019-cu ilin noyabr ayından müstəqil siyasi fəaliyyət göstərir.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
“Ölkədə elə bir müxalifət var ki…”
Partiyaya ianə: köhnə norma, indiki, plan
Yaxın ölkələrdə partiya qurmaq şərtləri
Yeni qanun nə təhlükə doğurur?
Partiya qanunu: layihə yenilənib
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?