Hərbi-siyasi birlik olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi dəyişir. 2023-cü ilin əvvəlində Belarus təmsilçisi Stanislav Zasın 3 illik səlahiyyət müddəti başa çatır və baş katib postuna qazax İmanqali Tasmaqambetov keçəcək.
Novator.az bildirir ki, 1956-cı il təvəllüdlü İmanqali Tasmaqambetov Qazaxıstanda yüksək vəzifələrdə çalışıb, o cümlədən baş nazir, dövlət katibi, Prezident Administrasiyasının rəhbəri, müdafiə naziri olub, ölkəsini Rusiyada səfir kimi təmsil edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.
KTMT-nin ali orqanı Kollektiv Təhlükəsizlik Şurasıdır (üzv ölkələrin liderlərinin daxil olduğu orqan). Qurumun ali vəzifəli şəxsi baş katibdir.